14.12.2021

“Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

Dekabrın 14-də Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkəti tərəfindən “Kod Saatı” qlobal hərəkatı çərçivəsində V-IX sinif şagirdləri üçün təşkil olunan “Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsi yekunlaşıb.


Müsabiqənin finalında respublikanın 61 məktəbindən 20 komanda - 100 şagird iştirak edib. Şagirdlər münsiflər heyəti qarşısında proqramlaşdırma dilləri vasitəsilə yaradıcı layihələrlə işləmək bacarıqlarını nümayiş etdiriblər. Proqramlaşdırma və layihələrin hazırlanmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb. Bu müddət bitdikdən sonra hazırlanan layihələrin müdafiəsi həyata keçirilib.


Münsiflər heyətinin qərarına əsasən 5-7 və 8-9 siniflər üzrə I, II və III yerin qalibləri müəyyənləşdirilib.


Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən təhsil nazirinin müavini Muxtar Məmmədov müsabiqənin əhəmiyyətindən danışıb və əlavə edib ki, sözügedən yarış şagirdlərin bilik və bacarıqlarının inkişafında mühüm rol oynayır. 


“Rəqəmsal bacarıqlar” layihəsinin artıq neçə ildir ki davam etdirildiyini diqqətə çatdıran Muxtar Məmmədov qeyd edib ki, cəmiyyətin gələcək həyatı müasir texnologiyaların, süni intellektin inkişafını tələb edir. Bunların əsasında isə rəqəmsal bacarıqlar dayanır. Bu baxımdan “Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsi xüsusi əhəmiyyət daşıyır.


Sonra təhsil nazirinin müavini Muxtar Məmmədov, “Alqoritmika” şirkətinin təsisçisi Andrey Lobanov, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov qalib komandalara sertifikat və hədiyyələr təqdim ediblər.


Qeyd edək ki, “Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsinin keçirilməsində məqsəd şagirdlərin proqramlaşdırma dilləri üzrə bacarıqlarını inkişaf etdirmək, yeni texnologiyalar üzrə öyrənilən biliklərin təcrübədə tətbiqi üçün şərait yaratmaqdır. Eyni zamanda, onların yüksək texnoloji ixtisaslara marağını artırmaqdır.