Şirvan şəhərində ilk məktəb Kür sahilində 1920-1921-ci dərs ilində   ibtidai məktəb kimi açılmış, natamam 1 nömrəli məktəb isə 1926-cı ildə tikilmişdir. 1957-ci ilə kimi Şirvan şəhərinin özündə cəmi 1 məktəb fəaliyyət göztərmişdir. Lakin rayon kimi  1942-1943-cü dərs ilində  4 məktəb var idi. Onlardan biri şəhərin özündə, digərləri indiki Salyan rayonunun Yuxarı Xalac, Sabirabad rayonunun Muğangəncəli və Şəhriyar kəndlərində yerləşirdi. Həmin dərs ilində rayonun bütün məktəblərində cəmi 3 ali təhsilli müəllimi vardı. Onlardan Yaqub Məhərrəmov və Niyaz Həşimov ədəbiyyat, Baloğlan Ələsgərov isə tarix müəllimi idi.

Sonra  1952-ci ildə 3 nömrəli 8 illik  məktəb kimi fəaliyyətə başlamış, 1976-cı ildə orta məktəbə çevrilmişdir.Şəhər 4 nömrəli 1950-ci ildə ibtidai, 1951-ci ildə 7 illik olmuşdur.1958-ci ildə 2 nömrəli məktəb tikilmişdir. 1960-cı illərin əvvəlində respublikada  internat məktəbləri fəaliyyətə başladıqda   artıq 1961-ci ilin sentyabr ayında şəhərdə  bir internat məktəbi tikilib istifadəyə verildi.

Ümumiyyətlə rayonda neft istehsalının və yeni  sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda da 1963-cü ildə Əli Bayramlı rayonunun ləğv edilərək rspublika tabeçiliyində şəhər statusu alması təhsilin  inkişafına böyük təkan vermişdir. Belə ki, 1963-cü ildə 9 nömrəli, 1965-ci ildə 10 nömrəli, 1967-ci ildə 14 nömrəli, 1974-cü ildə 16 nömrəli, 1978-ci ildə 13 nömrəli, 1981-ci ildə 18 nömrəli, 1984-cü ildə 11 nömrəli, 1987-ci ildə  20  nömrəli məktəblər tikilib istifadəyə verilmişdir.
Hələ 1960-cı illərdə Azərbaycan    Neft və Kimya İnstitutunun (indiki ADNA) Şirvan şəhərində hazırlıq şöbəsi fəaliyyət göstərmişdir.

Şəhər təhsil şöbəsində və ümumtəhsil məktəblərində uzun zaman gərgin əmək sərf edərək böyük hörmət qazanmış müəllimlərdən, o cümlədən  Yaqub Məhərrəmov, Gülbala Əliyev ( 2 nömrəli məktəbin ilk   direktoru), Sona Babayeva (Təhsil şöbəsinin müdiri), Sara Fərzəliyeva respublikanın “Əməkdar müəllim” fəxri adına, Gülverdi Babayev isə SSRİ Maarif əlaçısı döş nişanına layiq görülmüşlər.

Müstəqillik əldə etdikdən sonra şəhərdə 1992-ci ildə 12 nömrəli, 2003-cü ildən başlayaraq isə  4 yeni məktəb binası tikilmiş, iki əlavə korpus inşa edilmişdir.1941-ci ilə qədər Təhsil Şöbəsi barədə səhih məlumat yoxdur. Lakin 1941-ci ildən sonra  Əli Bayramlı, indiki Şirvan Təhsil Şöbəsinə rəhbərlik edənlər məlumdur. Onlardan Yusifov (adı bəlli deyil), Əvəz İbrahimov (əməkdar müəllim), Xasməmməd Babayev, Nəcəfqulu Əlizadə,  Mehdi Qəniyev  (əməkdar müəllim),  Ərzuman Gülmalıyev, Sona Babayeva (əməkdar müəllim), Vəli Ələkbərov, Gülara Əzizova, Seymur Bağırzadə, Nazim Ələkbərov, Pirəməmməd Eyvazov, Şükür Qəribov və Paşa Nəbiyev (əməkdar müəllim).