10.05.2020

Qoşulmama Hərəkatına üzv olan 120 ölkədən 40-a yaxın dövlətin dövlət, hökümət başçılarının, Xarici İşlər nazirlərinin iştirak etdiyi Zirvə görüşü ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir.

1991-ci ilin 18 oktyabrından başlayan müstəqillik tarixində Azərbaycan xalqı mənfur qonşularımızın bizə xəyanəti, tarixdə görünməyən 20 Yanvar faciəsi, Xocalı soyqrımı ilə üz-üzə qaldı. Şübhəsiz ki, müstəqillik qurban tələb edir. Böyük qurbanlar və soyqrımlar hesabına əldə etdiyimiz müstəqilliyi qorumaq, inkişaf etdirmək həm tarixi zərurət, həm də Azərbaycan xalqının yekdil arzusu idi. Təssüflə qeyd etmək lazımdır ki, müstəqilliyin ilk illərində xalqımız müstəqilliyin dadını şirin nemət kimi dada bilmədi. Tarixin təcrübəsi görərik ki, xalqı dar günündə, möhkəm iradə və cəsarət sahibi olan, xalq içindən çıxan liderlər, sərkərdələr xilas edir. 1993-cü ildə Ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəlməklə müstəqilliyin itirilməsindən, xalqı vətəndaş muharibəsindən xilas edərək, dövlət quruculuğuna başladı. Dövlət quruculuğunun ana siyasi xətti xarici siyasət olduğu üçün Heydər Əliyev Azərbaycanın beynəlxalq qurumlara üzv qəbul olunmasına, haqq səsinin beynəlxalq aləmə çatdırılmasında böyük uğurlara imza atdı. 2001-ci il yanvarın 25-də Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra, keçirilən mətbuat konfransında Ulu Öndərin söylədiyi fikiri xatırlamaq yerinə düşərdi. Mətbuat konfransı zamanı jurnalistlər tərəfindən Ulu Öndər Heydər Əliyevə ünvanlanan Azərbaycanın Avropa Şurasına üzvlüyü ölkəmizin beynəlxalq münasibətlər sisteminə necə təsir göstərəcək sualına verdiyi siyasi cavaba diqqət yetirək. “ Azərbaycan öz haqq səsini demək üçün daha bir ali kürsü əldə etdi”.Zaman sürətlə irəliləyir. “Zamanında qəbul olunmuş qərarlar, vaxt gələr zamanın özünə təsir edər”- deyirdi Ulu Öndərimiz. Azərbaycan Respublikası 2001-ci ildən sonra müxtəlif beynəlxalq qurumlara üzv qəbul olunmuş və hətta sədrlik etmişdir. Ölkə başçısı cənab İlham Əliyev siyasi hakimiyyətə gəldiyi gündən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla, zəfərlə irəliyə doğru aparmış və daha böyük uğurlara imza atmışdır. 2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv qəbul olunmuşdur. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etmiş, böyük nüfuz qazanmışdır. Hərəkata üzv ölkələrin dövlət və hökümət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə görüşündə, növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qurupu formatında 2020-ci il may ayının 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “Covid-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilmişdir. Qoşulmama Hərəkatında 120 dövlətin təmsil olunduğunu nəzərə alsaq Zirvə görüşü coğrafi təmsilçilik prinsipi əsasında Avropa, Asiya, Afrika və Latın Amerikasında yerləşən ölkələri əhatə edir. 40-dan çox üzv ölkənin dövlət və hökümət başçılarının qatıldığı videokonfransda BMT-nin baş katibi, BMT Baş Assambleyasının prezidenti, Afrika İtifaqının sədri və Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, Avropa İttifaqının ali nümayəndəsi iştirak etmişdir. Bu beynəlxalq təşkilatların və dünya liderlərinin ölkə Prezidenti cənab İlham Əliyevə olan inamının, güvəncin göstəricisidir. Artıq bu Azərbaycan həqiqətidir. Zamanında verilmiş düzgün və cəsarətli qərarlar hesabına dövlətimiz sürətlə irəliləyərək beynəlxalq aləmdə öz layiqli yerini tutdu. Artıq beynəlxalq güc mərkəzləri dövlətimizlə, onun liderinin qərarları ilə hesablaşır. Mənim fikrimcə müasir dövrdə hər bir Azərbaycan vətəndaşı qüdrətli və inkişaf edən Azərbaycan naminə ölkə Prezidentinin ətrafında sıx birləşməli və öz əməli işi ilə ölkə başçısı Cənab İlham Əliyevə dəstək olmalıdır. “Biz birlikdə güclüyük!”

Şirvan şəhər Təhsil Şöbəsinin müdiri:

Rövşən Allahverdiyev