10.05.2019

Heydər Əliyev - tarixlərdə yaşayacaq böyük şəxsiyyət

        

Onun adı dünyanın ən parlaq, ən nüfuzlu və fenomen şəxsiyyətlərinin adları ilə yanaşı çəkilir. O, yaşadığı hər iki əsrdə möhtəşəmliyi və əzəmətilə fərqlənən şəxs olmuşdur. Bu, Dünya Azərbaycanlılarını birliyiə və vəhdətə səsləyən, bütün Türk xalqlarının yenilməz və vüqarlı şəxsiyyəti olan Heydər Əliyevdir. Heydər Əliyev müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir.

            Müasir Azərbaycanın 50 ilə yaxın bir dövrü məhz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın yüksəlişi, inkişafı, çiçəklənməsi, bir dövlət kimi təşəkkül tapması onun adı ilə həmahəng səslənir. Azərbaycanın müstəqilliyinə yönəldilmiş  və davamlı inkişafını təmin edən, intellektual və elmi potensialını nəzərdə tutan, cəmiyyətin həyatına nüfuz etmiş praqmatik siyasətin bu gün təzahürlərini görürük.

Aydındır ki, bu müdrik siyasətin təməli hələ Sovetlər dövründə, ötən əsrin 70-ci illərində   qoyulmuşdur. Məhz həmin illərdə azadlıq idealları, azərbaycançılıq, dövlətçilik dəyərləri xalqımızın şüurunda geniş yer tapmağa başlamışdır. O, fəaliyyətində və siyasətində elmi fikrin ən yeni nailiyyətlərindən faydalanırdı. Respublikamızın rəhbəri olduğu bütün dövrlərdə Azərbaycan elminə göstərdiyi diqqət və qayğı da məhz buradan qaynaqlanırdı. Bu dahi insan elmimizin, ədəbiyyatımızın, mədəniyyətimizin gözəl bilicisi və araşdırıcısı idi.                                O, Azərbaycanın, eləcə də dünyanın siyasət arenasına yeni siyasi mədəniyyət gətirmişdir. Dərin mənalı nitqi ilə istənilən auditoriyanın diqqətini özünə cəlb edə bilirdi.

             1993-cü ildə Azərbaycan Respublkasının prezidenti seçildikdən sonra ilk səfərini  Fransaya  edən Heydər Əliyev   üstündə milli sərvətlərimiz əks olunan tarı   Fransaya aparır və dostluq rəmzi kimi Prezident Mitterana bağışlayır. Elə bu tara görə Fransanın Luvr şəhərindəki muzeylərin birində Azərbaycana aid guşə açılır, milli sərvətimiz olan xalça və həmin tar da oraya qoyulur. Heydər Əliyev insanlara və hadiəsərə belə bir yanaşma tərzilə onları istədiyi məcraya yönəltmək qabiliyyətinə malik fövqəlşəxsiyyət idi.

            Müstəqil Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyev çiyinlərində bütöv bir xalqın varlığını, bütün bəşəri keyfiyyətlərini, dövlətçilik missiyasını daşıyan böyük lider kimi millətimizin xarakterini, milli iradəsini atdığı hər bir addımda əks etdirirdi. Xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdışı, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxartdı.Əvvəl Naxçıvanda sıravi deputat, sonralar isə  Muxtar Respublikanın rəhbəri kimi fəaliyyət göstərməklə bir sıra mühüm işlərə imza atdı. Azərbaycanın üçrəngli bayrağı ilk dəfə olaraq Heydər Əliyevin sədrliyi ilə keçən Naxçıvan parlamentinin iclas zalında qaldırıldı. Milli şüurun və milli mənlik hissinin dirçəlməsi istiqamətində ən zəruri tədbirlər həyata keçirildi. Sovet qoşun hissələrinin və sərhəd dəstələrinin   silah-sursatı, texnikası və əmlakın tamamilə saxlanması şərti ilə ilk dəfə olaraq Heydər Əliyevin tələbi ilə sovet ordusu Naxçıvanı tərk etdi; ilk dəfə olaraq  20 yanvar faciəsinə siyasi qiymət verildi, həmin günün milli matəm günü kimi qeyd olunması, Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik günün təsis edilməsi, aqrar islahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul olundu.

            Azərbaycan xalqı və dövlətçiliyi üçün çətin anlarda Heydər Əliyevin qətiyyətli addımları, müdrik qərarları, titanik fəaliyyəti hər bir azərbaycanlı üçün bir epopeyadır. Və məhz həmin anlarda xalq Heydər Əliyevə xilaskar kimi  baxırdı və 1993-cü ilin iyununda ümümmilli liderimiz xalqın tələbi və istəyi ilə Bakıya qayıdıb bütün dünyaya sübut etdi ki, bəzən fenomen bir şəxsiyyət mifik qüvvənin bacarmadığını edir.

Heydər Əliyev dünya siyasətinə təsir edə biləcək gücə malik şəxsiyyət idi. Onun fəaliyyətində bu diplomatiya aparıcı rol oynayırdı. Respublikanı ağır böhran vəziyyətinə salan müharibədə Ermənistan informasiya müharibəsində liderlik edirdi. Bu vəziyyət Heydər Əliyev hakimiyyətə gələnə qədər davam etdi. Tədricən Heydər Əliyev dünya ictimaiyyətini münaqişə ilə yaxından tanış etdikcə, hətta xəritə vasitəsilə işğal olunmuş Azərbaycan torpaqları barədə məlumat verdikcə Ermənistan informasiya müharibəsində məğlub olurdu. Artıq əsaslı addımlar atılmışdı. Hadisənin mahiyyəti, ermənilərin əsl məqsədləri dünya ictimaiyyəti üçün aydınlaşırdı. BMT-nin qəbul etdiyi qətnamələr Ermənistanı təcavüzkar dövlət kimi rəsmi şəkildə təsdiqlədi. Heydər Əliyev fəaliyyətinin əsas hissəsini təşkil edən Qarabağ problemi və onun həlli yolları daim gündəlikdə olmuş, işğal edilmiş torpaqlarımızın geri qaytarılması əqidəsinin, məsləkinin əsasını təşkil etmişdi.

ATƏT-in 2-3 dekabr 1996-cı il tarixli Lissabon sammitində Ermənistanın işğalçı dövlət kimi tanınması Heydər Əliyev diplomatiyasının qələbəsi idi.Bu qələbə nəinki regionda, hətta Rusiya və Avropanın, eləcə də Birləşmiş Ştatların maraqlarına uyğun olaraq dünyada sülh və əminamanlığın təntənəsi idi. Bəli Heydər Əliyev bunu bacardı və bütün dünyaya Azərbaycan siyasətinin gücünü nümayiş etdi.

Heydər Əliyevin yalnız gərgin əməyi, dəmir iradəsi , səbr və əzmkarlığı sayəsində addım-addım bu qələbəyə nail olunmuşdur. Azərbaycanın dünya arenasında mövqeyini möhkəmləndirmək məqsədilə bütün dünyanın nəzərlərini Azərbaycana yönəltmək lazım idi. 1994-cü ilin  sentybr ayının  20-də tarixə  “Əsrin müqaviləsi”  adı ilə düşmüş, Aəzrbaycanın iqtisadi qüdrətini artıra biləcək, gələcəkdə inkişaf etmiş ölkələrlə yanaşı dura biləcək, bir sazişə, Azərbaycanın xoşbəxt gələcəyinə imza atdı.Və bugünkü iqtisadi göstəricilərinə görə Azərbaycanın dünyadakı liderliyinin təməlini qoydu.

Artıq atəşkəs haqqında razılığın əldə olunduğu, iki dövlət çevrilişinin qarşısı alındığı, hərbi müxalifətin zərərsizləşdirildiyi, respublikamızın siyasi böhrandan çıxdığı, iqtisadi tənəzzüldən qurtulduğu, sosial-iqtisadi sahədə aparılan islahatların öz nəticəsini verdiyi və ölkəmizdə sabitlik hökm sürdüyü bir vaxtda Heydər Əliyev 1998-ci ilin may ayının 13-də tələbə yoldaşları ilə  bir görüşdə: "Mən Azərbaycanın yüklərini çiyinlərimə götürməliyəm və aparmalıyam. Başqa əlac yoxdur" deyə etiraf etdi. Bəli burada qeri-adi görünə biləcək əlamət yox idi. Ona görə ki, təvazökar insan olan Heydər Əliyev həmişə həyatının mənasını xalqa xidmət etməkdə görürdü. Belə olmasaydı heç vaxt deməzdi : “Mən bütün ömrüm boyu üç şeyə  arxalanmışam: zəhmətimə, xalqıma və yaradanıma”. Ulu öndərin xalqımızın mili-mənəvi dəyərlərinə, islami dəyərlərə necə yanaşdığı hamıya aydındır.

      Müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdə mənəvi institutlarda sürətlə dağılma prosesi gedirdi. Sosial xaos və anarxiya hər şeydən əvvəl mənəvi ehtiyatlara zərbə vursa da onun gözərtisi qalmaqda idi. Həmin gözərtini alovlandırmaq, xalqı mənəvi böhrandan qorumaq üçün mümkün yollar aramaq vəzifəsi isə məhz  Heydər Əliyevin üzərinə düşdü. İkinci dəfə hakimiyyətə qayıdışın ilk günlərində milli büdcəmizin mizer olduğu, dövlətin iqtisadi tənəzzül keçirdiyi bir dövrdə ”Bibi Heybət“ məscidinin tikilməsi ilə bağlı sərəncam imzaladı, xalq arasında daha çox Ətağa kimi tanınan Mir Möhsün Ağanın qəbirüstü kompleksinin inşasına, Naxçıvanda “Əshabi-Kəhf”-in  və diqər ziyarətgahların təmir edilməsinə qərar verdi. Böyük mütəfəkkir Hüseyn Cavidin nəşinin doğma yurdda torpağa tapşırıb üzərində məqbərənin ucaldılması onun adı ilə bağlıdır. Bunun ardınca “Tarix və mədəniyyət  abidələrinin qorunması haqqında” qanun qəbul edildi. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yarandı.

       Mənəvi quruculuq Heydər Əliyev siyasətinin əsas xəttini təşkil edirdi. Müstəqil dövlətin vətəndaşının mənəviyyatının saflığı, təmizliyi onun qoyduğu ən başlıca tələb idi. O, bu saflığı Vətənə, dövlətə, xalqa, ailəyə, elmə, dininə məhəbbətdə görürdü. Məhz onun dövründə “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanun qəbul edildi. Vətənpərvərlik anlayışı  ilk dəfə Heydər Əliyev tərəfindən Mili Azərbaycan Vətənpərvərliyi kimi işlədilmişdir.

      İlk dəfə olaraq  Heydər Əliyev tərəfindən “31 dekabr Dünya Azərbaycanlıların həmrəylik günü”, ”31 mart Azərbaycanlıların soyqırımı günü” təsis edildi, Ramazan və Qurban bayramları rəsmi status alaraq   dərsliklərə salındı   və onlara tədris proqramında bir saat vaxt ayrıldı. 1999-cu ildə dünyanın inkişaf etmiş qabaqcıl ölkələrinin təhsil sistemlərinə inteqrasiya olunmaq üçün “Təhsil sahəsində İslahat Proqramı” nı təsdiq edərkən Heydər Əliyev yalnız mənəvi dəyərlərə əsaslanmışdır. Ulu öndərimizin bu müdrik fikrini xatırlamaq yerinə düşərdi: "Başqa məsələlərdə müxalif olmaq olar, amma bir məsələdə - milli-mənəvi dəyərlərimizin qorunmasında hamımız eyni cür düşünməliyik”

              Ulu Öndərimiz tərəfindən təsdiq olunmuş İslahat Proqramı üç mərhələdə 128 konkret tədbirlərin yerinə yetirilməsini nəzərdə tutur. Onun əsas məqsədi müxtəlif təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən hüquqi bazanı yaratmaq, cəmiyyətin Azərbaycan Respublikasının Konstitusiyasında , Təhsil Qanununda təsbit olunmuş tələbləri sosial və siyasi-iqtisadi həyatının demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarətdir.

              Prezident Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra belə bir qərar qəbul etdi ki, hökümətin vəziyyəti nə qədər çətin olsa da , ibtidai siniflərin dərslikləri pulsuz verilməlidir. O zaman  ibtidai siniflərin əsas dərsliklərinin 30 faizini çap etdirmək üçün 5 mlrd. manatadək vəsait tələb olunurdu. Buna baxmayaraq dövlət dərsliklərin tədricən pulsuz verilməsi kampaniyasına başladı. Əslində bu bir fədakarlıq idi. Onun təhsilə necə böyük diqqət və əhəmiyyət verdiyini göstərirdi. Əks halda o,deməzdi : “Təhsil millətin gələcəyidir”. Ulu öndər Təhsil isalahatını təsdiq edərkən  təhsil sistemində hər bir yeniləşmənin inqilabi yolla deyil , təkamül yolu ilə həyata keçirilməsini ön plana çəkirdi. 

            Heydər Əliyev bizim üçün elə bir irs qoyub getmişdir ki, biz onun dəyərini zaman keçdikcə daha dərindən anlaya və dərk edə biləcəyik. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan tam şəkildə müstəqil ölkədir, öz müstəqilliyini qoruyub saxlaya, daha da möhkəmləndirə bilmişdir. Balanslaşdırılmış xarici və stabil daxili siyasət yürüdən Azərbaycan dünyanın bütün aparıcı ölkələri üçün bu sahədə bir örnəyə çevrilmişdir. Azərbaycanın bölgədəki rolunun artması, dünyadakı mövqelərinin möhkəmləndirilməsi, onun dünyada çox etibarlı tərəfdaşa çevrilməsinə səbəb olmuşdur. Bütün bunlar isə bu yorulmaz insanın titanik fəaliyyətinin, uzaqgörənliyinin, vəziyyəti əvvəlcədən qiymətləndirməyi bacarmasının nəticəsidir. Onun əsas məqsədi Azərbaycan xalqının müqəddəratının həlli, tərəqqisi və saflığı olmuşdur. Odur ki, ümummilli liderimizin bütün həyat və fəaliyyəti məhz  milli maraqlar və dövlətçilik maraqları üzərində qərar tutmuşdur.

Heydər Əliyev Azərbaycan dövlətinin möhkəmlənməsinin, dünya arenasında layiqli yer tutmasının başlıca şərtlərini humanist və demokratik, azad cəmiyyətdə görmüşdü. Şərq ölkələrində ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv edilərək ömürlük cəza ilə əvəz edilmişdir. Heydər Əliyev xeyirxahlığının, humanizminin ifadəsi olaraq vaxtilə azadlıqdan məhrum olunmuş, cinayət törətmiş bir çox şəxs əfv edildi. Heydər Əliyev müstəqil Azərbaycanda  hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsasını qoymuş, ölkədə çoxpartiyalı sistem, siyasi plüralizm, dini tolerantlıq, söz, mətbuat və sərbəst toplaşmaq azadlığı bərqərar olmuş, müstəqil respublikamızda dövlət idarəcilik sistemi tamamilə yenidən qurulmuş, dövlət xərclərinin idarə olunması, audit sisteminin tətbiqi, hüquqi və məhkəmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar islahatlar prosesi uğurla həyata keçirilmişdir. Ölkənin idarəetmə sisteminə siyasi mədəniyyət elementləri gəlmiş, icra hakimiyyəti orqanlarının işinin dinamikliyi, digər dövlət orqanları ilə qarşılıqlı fəaliyyəti təmin olunmuşdur. Eyni zamanda, respublikamızda üçpilləli məhkəmə sisteminin formalaşdırılması, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil institutunun yaradılması demokratik inkişaf yolunda əldə etdiyimiz mühüm nailiyyətlərdəndir.

            Bu gün Azərbaycan yalnız Qafqazda deyil, bütövlükdə post-sovet məkanında ən sabit, ən dinamik sosial-iqtisadi inkişafa malik, öz iqtisadi qüdrətini gündən-günə artıran bir dövlətdir. Azərbaycan yerləşdiyi geopolitik məkanın prioritet ölkəsidir.  

Ulu öndərin layiqli davamçısı olmaqla, özünəməxsus siyasi kursu və dəqiq dövlətçilik konsepsiyası olan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev qısa bir zamanda qazanılmış nailiyyətlərə toxunaraq  “BAKI - İSLAM MƏDƏNİYYƏTİNİN PAYTAXTI-2009” MƏDƏNİYYƏT İLİNİN təntənəli açılışında demişdir : “Azərbaycan son beş il ərzində dünyada analoqu olmayan sürətlə inkişaf edibdir. Bizim iqtisadiyyatımız son beş il ərzində dünyada ən sürətlə artan iqtisadiyyat olubdur. Köklü iqtisadi və siyasi islahatlar Azərbaycanı daha da gücləndiribdir. Ölkəmiz gələcəyə çox nikbinliklə baxır. Biz gələcəyə böyük ümidlərlə baxırıq. Buna imkan verən bu vaxta qədər görülmüş işlərdir. Bizim bütün işlərimiz uğurla nəticələndi, verilən bütün sözlər yerinə yetirilir və ölkəmiz hərtərəfli inkişaf edir.”

  Bir faktı qeyd etmək istərdim. Dünyada yaranmış maliyyə böranı ilə əlaqədar bir sıra müxalif qüvvələr Azərbaycanda quruculuq işlərinin dayandırılacağını düşünürdülər. Lakin bu belə olmadı. Tək elə 2008-2009-cu dərs ili ərəfəsində respublikamızda 161 yeni məktəb binası  və əlavə korpus tikilmiş, 129 məktəb əsaslı təmir olunmuşdur.

Ulu öndərin  anadan olmasının 81-ci ildönümünə töhfə olaraq 10 may 2004-cü ildə açılışı olan Heydər Əliyev Fondu, Azərbaycanın birinci vitse-prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə “Yeniləşən Azərbaycana yeni məktəb Proqramı” çərçivəsində  2008-2009-cu tədris ili üçün  ölkə ərazisində yeni məktəb binaları inşa olunmaqla tikilən məktəblərin sayı  237-yə çatdırılmış, yeni dərs ili ərəfəsində I sinfə gedən uşaqlar üçün məktəb ləvazimatları hədiyyə edilmiş, respublikanın bütün ümumtəhsil məktəblərinə 140 adda tədris-plakat vəsaitləri verilmişdir. Heydər Əliyev Fondunun əsas arzu və istəyi  Azərbaycan xalqının öz ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə etmək, Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək, qloballaşan dünyada Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaqdır.  

         Bütün həyatı boyu öz xalqına sədaqətlə xidmət etmiş Heydər Əliyevin ömür yolu hər bir azərbaycanlı üçün örnəkdir. Heydər Əliyevin həyata keçirdiyi quruculuq işlərinin, dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq ideyasının dərindən öyrənilməsi üçün ilk əvvəl onun həyat və fəaliyyətinin bütün sahələrinin araşdırılmasına,  dərindən öyrənilməsinə böyük  ehtiyac vardır.

            Heydər Əliyevin bu əsrin və getmiş yüzilliyin içərisinə sığan əlli ildən artıq fədakar fəaliyyətini indinin hündürlüyündən seyr edəndə , görünən ən böyük həqiqət odur ki, o, ömrü boyu bir ƏSƏR yaratmaq üçün çalışıb – güclü, böyük, müstəqil, azad, firavan, dünya dövlətləri içərisində sayılan AZƏRBAYCAN!!!

 


Açar sözlər: ,  ,  ,  ,