17.11.2018

Xüsusi vəsaitin təqdimatı olub

    Şirvan şəhər 1 nömrəli məktəb-liseydə  Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant  müsabiqəsi”ndə  fərdi layihə kateqoriyası üzrə qalib gəlmiş “Məntiqi tapşırıqlara dair xüsusi vəsait”  layihəsinin yekun mərhələsinə həsr olunmuş “İstedadlı şagirdlərin aşkar edilməsində xüsusi vəsaitlərin rolu və əhəmiyyəti” mövzusunda elmi-praktik konfrans və  layihə çərçivəsində  hazırlanmış vəsaitin təqdimatı keçirilib.

    Konfransı giriş sözü ilə açan məktəbin direktoru Rəfiqə Rzayeva konfrans iştirakçılarını salamlayaraq onlara Təhsil Nazirliyinin həyata keçirdiyi “Təhsildə  inkişaf və innovasiyalar üzrə 1 və 2-ci qrant müsabiqələri” barədə  ətraflı  məlumat verib, bu müsabiqələr çərçivəsində hazırlanmış layihələrin təhsilin  inkişafına verdiyi töhfələri vurğulayıb. Daha sonra məktəbin hərbi rəhbəri, əməkdar müəllim Rəfail Əliyevin “Təhsildə  inkişaf və  innovasiyalar  üzrə  2-ci qrant  müsabiqəsi”ndə fərdi layihə kateqoriyası üzrə qalib gələrək layihə çərçivəsində  “Məntiqi tapşırıqlara dair xüsusi vəsait” adlı vəsait konfrans iştirakçılarına təqdim olunub.

    Layihə rəhbəri Rəfail Əliyev layihə ilə bağlı görülmüş işlər haqqında ətraflı məlumat verib, xüsusi vəsaitlərin istedadlı uşaqların aşkara çıxarılmasındakı rolu və əhəmiyyətinə aydınlıq gətirib. Məruzəçi Təhsil Nazirliyinin həyata keçirdiyi   qrant müsabiqələrini yüksək dəyərləndirərək, onların təhsilimizin inkişafında xüsusi əhəmiyyətini, müəllimlərin yaradıcı potensialının ortaya çıxarılmasında müstəsna rolunu qeyd edib.

    Konfransda çıxış edən Gəncə şəhər 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü liseyin təlib-tərbiyə işləri üzrə direktor müavini  Şahin   Əzizzadə, Ağdaş şəhər S.Vurğun adına 1 nömrəli tam orta məktəbin direktoru Natella   Çələbiyeva, Şirvan şəhər 21 nömrəli tam orta məktəbin direktoru, əməkdar   müəllim Səadət Quliyeva və başqaları müsabiqə çərçivəsində çap edilmiş bu vəsaiti yüksək dəyərləndirmiş və “MƏNTİQ” kursunun daha səmərəli və  keyfiyyətlə   tədris   olunmasına   köməklik   edəcəyinə   inam  ifadə   ediblər.


Açar sözlər: ,  ,