06.10.2018

5 oktyabr-Beynəlxalq Müəllimlər günüdür

    Şirvan şəhər Mədəniyyət Mərkəzində təhsil işçilərinin, icma nümayəndələrinin, şəhər rəhbərliyinin iştirakı ilə Beynəlxalq Müəllimlər günü qeyd edilib. Tədbiri giriş sözü ilə təhsil şöbəsinin müdiri Rövşən Allahverdiyev açaraq təhsil işçilərini təbrik edib, ötən dərs ilində müəllimlərin qazandıqları uğurlardan söhbət açıb. O, bildrib ki, təhsil işçilərimizin əməyi daim ölkə başçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir. Cənab Prezidentin sərəncamları ilə son 10 ildə 15 nəfər "Əməkdar müəllim", 11 nəfər "Tərəqqi" medalı, 7 nəfəri Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı, iki nəfər isə fəxri fərmanla təltif edilib. Sevindirici haldır ki, 2017-2018-ci dərs ilindəki uğurlarına görə şəhər 16 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Səmədova Aygün Ələsgər qızı "Tərəqqi" medalına, şəhər 13 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Hacıyeva Əsmər Əskər qızı Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülüb. Daha sonra şəhər İcra Hakimiyyətinin Başçısı cənab Mərdan Camalov  dövlətimizin təhsil siyasəti, indiyədək tikilən və əsaslı təmir edilən, xüsusən də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə inşa edilmiş təhsil ocaqları haqqında tədbir iştirakçılarına geniş məlumat verib və ötən dərs ili ərzində uğurları olmuş bir sıra təhsil işçisinə qiymətli hədiyyə və mükafat təqdim edib.

    Sonda respublikamızın sənət ustaları konsert proqramı ilə çıxış ediblər.