14.06.2018

Məktəblərdə son zəng çalınıb

     Şəhər ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri keçirilib. 2017-2018-ci tədris ilində ümumtəhsil məktəblərinin IX sinflərini 855 nəfər, XI siniflərini isə 759 nəfər şagird bitirib. Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən "Son zəng" tədbiri hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunub. Tədbirlərdə ictimaiyyət nümayəndələri, məktəb valideynləri, müəllim və məktəblərin sabiq məzunları iştirak ediblər. Müəllimlər, valideynlər çıxış edərək məzunlara uğurlar diləyib, onlara gələcək həyatlarında nailiyyətlər arzu ediblər. Tədris ili ərzində fərqlənən müəllim və şagirdlərə diplom və hədiyyələr təqdim edilib.

      Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra şagirdlər ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

      Cari dərs ilində şəhərin 16 ümumtəhsil məktəblərinin 40 məktəbhazırlıq qrupunu 878 uşaq başa vurub. Növbəti dərs ilində isə şəhər üzrə beşyaşlıların 75 faizinin cəlbi nəzərdə tutulub.